Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 7

1

Mədən geologiyası (050602) - 2017


Mühazirə 1. Neft-qaz mədən geologiyasının mahiyyəti, inkişaf mərhələləri və
müasir problemləri (2saat).

Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatın inkişafında önəmli rol


oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin müddəaları
əsasında aparılır.
Neft-qaz mədən geologiyası elminin tədqiqat üsulları kəşf edilmiş və
işlənilmədə olan yataqların müfəssəl öyrənilməsinə istiqamətləndirilmişdir ki, bu da
son nəticədə onların laylarında toplanmış neftin, qazın və kondensatın maksimal
hasilatını təmin edir. Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm, yataqların
formasının və daxili quruluşunun aşkar edilməsini, onun çöküntü kompleksinin
litoloji-fasial analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin
fiziki-kimyəvi səciyyəsini və yatma şəraitini, ehtiyatların hesablanılmasını və onların
realizə imkanlarını öyrənir.
Göstərilən məlumatların əldə edilməsi yataqların işlənilmə proseslərini
tənzimli aparılma yollarının əsaslandırılmasında istifadə edilir.
Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün
dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların
işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə
məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi
baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi
tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz ehtiyatları
da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini tənzimli idarə etmək
üçün fasiləsiz məlumatlar əldə edilməlidir. Alınan nəticələr yataqların işlənilməsinin
geoloji əsaslarında əks etdirilməlidir.
Yataqların işlənilməsinin müxtəlif dövrləri üçün tərtib olunmuş
məlumatların müqayisəli təhlili tətbiq olunan prosesin gələcək inkişafı haqqında
proqnoz qiymətləri də əsaslandırmağa imkan verir.
Nəzərə almaq lazımdır ki, müasir işlənilmə proseslərində laylara müxtəlif
təsir üsulları tətbiq olunur ki, bu da kollektorlarda yerləşən neftlərin quyudibi
zonaya axımını sürətləndirir. Lakin layların neftverimini artıran üsulların, eləcə
2
də proqressiv qazıma üsulu sayılan üfüqi (horizontal) quyuların istismarı universal
xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji-texnoloji şəraitlərində
tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki, işlənilmədə olan yatağın cari
geoloji-texnoloji vəziyyətini aşkar etmək üçün ənənəvi üsullarla bərabər
riyazi üsulların imkanlarından da maksimum istifadə olunmalıdır. Alınan xəritə,
qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri hazırda geoloji
tədqiqatların tərkib hissəsini təşkil edir.
Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri.
Neft və qazın tətbiq imkanları son dərəcə uzun bir dövrdə öyrənilmişdir.
Hələ Qədim Misirdə 5 min il əvvəl Vavilon qulləsinin inşasında asfaltdan istifadə
edilmişdir. Çində isə eramızdan 200 il əvvəl kiçik dərinliyə qazılmış quyulardan
neft çıxarılmış və evlərin işıqlandırılmasında istifadə edilmişdir.
Ölkəmizdə də neft istehsalı 1000 ildən artıqdır ki aparılır. Hələ ıv əsrdə
Abşerondan yaxın şərq ölkələrinə neft daşınması barədə ərəb və iran tarixçilərinin
əlyazmalarında rast gəlinir. Burada yerin üzərinə çıxaraq yanan qazlar, əl ilə
qazılmış dayaz quyulardan çıxarılan neftlər haqqında XIII əsrdə Marko Polo, XIV
əsrdə Severok, XV əsrdə Barbaro, XVI əsrdə Nyuket, XVII əsrdə Oleariy,
XVIII əsrdə Lerxi və başqalarının əsərlərində rast gəlinir.
Abşeronda əl ilə qazılmış ilk quyular Bibi-Heybətdə, Balaxanıda,
Suraxanıda kiçik dərinlikdə yatan laylardan neftin çıxarılmasına imkan verirdi.
Yalnız 1848-ci ildə dünyada ilk dəfə Bibi-Heybətdə mexaniki üsulla neft quyusu
qazılmış və böyük hasilatla istismar edilmişdir. Bundan sonra hər dövrün özünə
müvafiq qazıma texnologiyası yaranaraq, getdikcə təkmilləşmişdir. Bu səbəbdən
də Abşeronda bir sıra strukturlarda neftlilik aşkar edilmişdir. Sonralar Kür ovalığı
və dəniz akvatoriyasında da yataqlar kəşf olunmuş və intensiv işlənilir.
Elmin inkişafı və neft texnologiyasının təkmilləşdirilməsi nəticəsində
yataqların öyrənilmə və işlənilmə göstəriciləri də tədricən yüksəlmişdir. Təxminən
yüz illik istismar dövrünə malik olan neft yataqlarının öyrənilməsində üç mərhələ
ayrıla bilər.
3
I mərhələ - neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə
qədər müddəti əhatə edir. Bu mərhələdə neft hasilatı yataqlarının yalnız təbii
enerji mənbəyinin istifadəsi nəticəsində əldə edilmişdir. Bu dövrdə fəaliyyət
göstərən geoloqlar layların təbii rejimlərini öyrənmiş, quyuların yerləşdirilmə
formasını, onların istismar üsullarını müəyyən etmiş və yataqların müxtəlif
hissələrində işlənilmə ilə əhatə olunmayan (“toxunulmayan”) zonaları aşkar
etmişlər.
II mərhələ - 1940-1970-ci illəri əhatə edir və əsasən yataqlara suvurma
prosesinin geniş tətbiqi ilə xarakterizə edilir. Geoloji-mədən tətqiqatlar ilə
müəyyən olunmuşdur ki, bu proses işlənilmənin effektivliyini kəskin artırır.
Yatağa vurulan su “işçi agent” rolunu oynayır. Onun mənbəyinin bütün regionlarda
mövcudluğu, prosesin sadə texnologiyası layın süni sulaşdırma prosesinin geniş
istifadəsinə şərait yaratmışdır. Hazırda dünyada istismar edilən yataqların böyük
əksəriyyətində bu proses müvəffəqiyyətlə tətbiq olunur. Məsələn, son 25-30
illlərdə keçmiş SSRİ-də hasil edilən neftin 40%-i suvurma prosesinin nəticəsində
əldə edilmişdir. Bununla belə suvurma metodunun imkanlarının da hüdudları
vardır. Belə ki, yataqlarda işlənilmə prosesinin ən yeni texnologiyası və
suvurmanın əsaslandırılmış formaları istifadə edildikdə belə, onların ehtiyatının ən
çoxu 50% realizə oluna bilər.
III mərhələ - 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu
mərhələ yataqların neftvermə əmsalını daha da artırılmasına yönəldilmiş yeni
metodların axtarışı və tətbiqi ilə səciəyyələnir. Istilik, fiziki-kimyəvi, fiziki-
hidrodinamiki, mikrobioloji və s. üsullarla məhsuldar laya süni təsir edildikdə,
onların son neftvermə əmsalı daha 3-20% artırıla bilər. Lakin, layların
neftverimini artıran üsulların tətbiqi suvurma prosesinə nisbətən mürəkkəb və
çətindir. Belə ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə effektli tətbiq
edilə bilər. Tələb olunan şəraitin təyini isə yataqların təbii və texnoloji xarakterinin
dəqiq aşkar edilməsi ilə əlaqədardır. Bu isə öz növbəsində, müxtəlif çətinliklərlə
rastlaşır, kompleks geoloji-texnoloji, geoloji-riyazi və s. məsələlərin həllini tələb
edir.
4
Beləliklə, neft və qaz yataqlarının işlənilməsi haqqında qısa məlumatlardan
görünür ki, bu sahə müqayisə olunmaz dərəcədə inkişaf etmişdir.
Nailiyyətlərin əldə edilməsində neft-qaz mədən geologiyası istiqamətində
fəaliyyət göstərən alimlərin əməyi böyük olmuşdur. Onların sırasında rus
alimlərindən M.A. Jdanov, M.M. İvanova, M.İ. Maksimov, M.F. Mirçink, M.A.
Surquçov, L.F. Dementyev, A.Y. Fursov, azərbaycan alimlərindən isə Ş.F.
Mehdiyev, H.Ə. Əhmədov, M.V. Abramoviç, X.B. Yusifzadə, A.Ə. Nərimanov,
T.Y. Baharov, Ç.Ə. Sultanov, Ç.M. Şeydayev, B.Ə.Bağırov, Ə.Ə. Cavadov, Ə.M.
Salmanovun əsərləri xüsusi qeyd edilməlidir.
Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə
nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət
istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil
edir. Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks
geoloji-texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı
lazımı düzəlişlər də verilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində
qeyd olunan belə vəziyyət, hər şeydən əvvəl onların daxili quruluşunun zəif
öyrənilməsi ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və
stratiqrafik dərinlikləri üzrə paylanması mürəkkəb formada getdiyindən onları
ənənəvi üsullarla tam aşkar etmək mümkün olmur. Odur ki, çox vaxt laya xas
olan geoloji və işlənilmə xüsusiyyətləri müxtəlif interpretasiya üsulları ilə
onların orta qiymətinə istinad etməklə təyin edilir. Geoloji-mədən tədqiqatların
belə qoyuluşla aparılması müasir tələblərə cavab verən işlənilmə layihələrinin
tərtibatını çətinləşdirir. Bu tələbatın yerinə yetirilməsi üçün geologiya elmini
o cümlədən neft-qaz mədən geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi
lazımdır.
Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsi ənənəvi üsullarla tərtib
olunmuş xəritə, profil, hesablama sxemləri və s. əsasında aparılması gözlənilən
nəticəni vermir. Məlumatların dolğunluğunu və etibarlığını təmin etmək üçün
geoloji-riyazi modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə çoxlaylı
5
yatağın bütövlükdə və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü
komplekslərinin geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan
müddəaları əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin
prinsipial qoyuluşlarına nəzər yetirək.
Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya
mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı
məsafə həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji-
geofiziki məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı
nöqtələrindəki səciyyəsini əks etdirir. Yatağın quruluşunun mürəkkəb olması və
quyuların sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlığı aşağı olur və
ya əksinə. Həmin məlumatların yatağa tam şamil edilməsi isə müəyyən
ehtimallılıqla aparılır. Odur ki, geoloji xəritələrin təsvirinə də mütləq deyil, yalnız
müəyyən ehtimallılıq dərəcəsi ilə baxılmalıdır.
Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibinə
qoyulan başqa bir tələbat, müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və
operativlik prinsipi əsasında qurulmasıdır. Burada nəzərdə tutulan məlumatların
kompüter təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların
qazılmasından və işlək quyu fondundan alınan hər bir yeni məlumatların tədqiqat
kompleksinə əlavəsinə şərait yaradır. Nəticədə ilkin məlumatlar dərhal
dəqiqləşdirilir və lazım gələrsə işlənilmə prosesində tənzimlənilmə aparılır.
Yatağı elementlərinin paylanmasını müəyyən etmək üçün müxtəlif
təminatlı xəritələr qurulur. Müasir dövrdə belə xəritələr üçölçülü variantda (x,
y və z koordinatları üzrə) modellər formasında verilir ki, bu da hər hansı bir
lay parametrinin (məsələn, süxur məsaməliyinin, keçiriciliyin, neftlərin
özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini təmin
edir.
Neft, qaz və kondensat yataqlarının mənimsənilməsi prosesində neft-qaz
mədən geologiya elmi aşağıdakı əsas məsələlərin öyrənilməsini təmin edir.
1. Ilkin tədqiqatlarla (o cümlədən seysmik kəşfiyyat nəticələri) təqdim edilmiş
strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində yerləşən hər
6
bir məhsuldar təbəqənin ayrılması və onların hər biri üçün struktur xəritə və
profillərin qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yerini,
istiqamətini, ekran xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması).
Qazılmış quyuların geoloji-geofiziki kəsilişlərinin korrelyasıyası və
makroqeyribircinsliyinin (laylaşma xüsusiyyətlərinin) təyini.
2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektorluq
xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və
onların sahəvi və dərinliklərdə paylanılma səciyyəsinin xüsusi qrafik və
cədvəllərdə təsviri.
3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin
fiziki-kimyəvi xassələrindən onların sıxlıgı və özülülük göstəricilərinə, suların isə
ion-duzluluq tərkibinə xüsusi diqqət yetirilməlidir.
4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və
temperaturu haqqında məlumatların alınması və təhlili.
5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq
təsərrüfatı baxımından qiymətləndirilməsi.
6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların ( o cümlədən
horizontal) sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının
seçilməsi, neftçıxarmada tətbiq olunan müasir üsulların istifadə imkanlarının
öyrənilməsi.
7. Yataqların işlənilməyə verilmə vaxtından başlayaraq neft, qaz və su
hasilatının dinamik göstəricilərinin təsviri və təhlili.
8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin
öyrənilməsi.
9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ
tənzimlənilməsi. Suvurma sisteminin effektivliyinin təyini və gələcək dövr üçün
proqnozlaşdırılması.
10. Neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının
öyrənilməsi.
11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması.
7
12. Yer təkinin və ətraf mühitin mühafizəsinə istiqamətləndirilmiş tədbirlərin
əsaslandırılması və tövsiyələrin verilməsi.
Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat
mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə istirakı ilə
işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən
kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki,
mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və mühəndislər bu
üsulların geoloji-riyazi modellərlə tətbiq yollarını mənimsəməlidirlər.

You might also like