Mühazirə 1. Neft-qaz mədən geologiyasının mahiyyəti, inkişaf mərhələləri və müasir problemləri (2saat).
Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatın inkişafında önəmli rol
oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin müddəaları əsasında aparılır. Neft-qaz mədən geologiyası elminin tədqiqat üsulları kəşf edilmiş və işlənilmədə olan yataqların müfəssəl öyrənilməsinə istiqamətləndirilmişdir ki, bu da son nəticədə onların laylarında toplanmış neftin, qazın və kondensatın maksimal hasilatını təmin edir. Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm, yataqların formasının və daxili quruluşunun aşkar edilməsini, onun çöküntü kompleksinin litoloji-fasial analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin fiziki-kimyəvi səciyyəsini və yatma şəraitini, ehtiyatların hesablanılmasını və onların realizə imkanlarını öyrənir. Göstərilən məlumatların əldə edilməsi yataqların işlənilmə proseslərini tənzimli aparılma yollarının əsaslandırılmasında istifadə edilir. Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz ehtiyatları da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini tənzimli idarə etmək üçün fasiləsiz məlumatlar əldə edilməlidir. Alınan nəticələr yataqların işlənilməsinin geoloji əsaslarında əks etdirilməlidir. Yataqların işlənilməsinin müxtəlif dövrləri üçün tərtib olunmuş məlumatların müqayisəli təhlili tətbiq olunan prosesin gələcək inkişafı haqqında proqnoz qiymətləri də əsaslandırmağa imkan verir. Nəzərə almaq lazımdır ki, müasir işlənilmə proseslərində laylara müxtəlif təsir üsulları tətbiq olunur ki, bu da kollektorlarda yerləşən neftlərin quyudibi zonaya axımını sürətləndirir. Lakin layların neftverimini artıran üsulların, eləcə 2 də proqressiv qazıma üsulu sayılan üfüqi (horizontal) quyuların istismarı universal xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji-texnoloji şəraitlərində tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki, işlənilmədə olan yatağın cari geoloji-texnoloji vəziyyətini aşkar etmək üçün ənənəvi üsullarla bərabər riyazi üsulların imkanlarından da maksimum istifadə olunmalıdır. Alınan xəritə, qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri hazırda geoloji tədqiqatların tərkib hissəsini təşkil edir. Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri. Neft və qazın tətbiq imkanları son dərəcə uzun bir dövrdə öyrənilmişdir. Hələ Qədim Misirdə 5 min il əvvəl Vavilon qulləsinin inşasında asfaltdan istifadə edilmişdir. Çində isə eramızdan 200 il əvvəl kiçik dərinliyə qazılmış quyulardan neft çıxarılmış və evlərin işıqlandırılmasında istifadə edilmişdir. Ölkəmizdə də neft istehsalı 1000 ildən artıqdır ki aparılır. Hələ ıv əsrdə Abşerondan yaxın şərq ölkələrinə neft daşınması barədə ərəb və iran tarixçilərinin əlyazmalarında rast gəlinir. Burada yerin üzərinə çıxaraq yanan qazlar, əl ilə qazılmış dayaz quyulardan çıxarılan neftlər haqqında XIII əsrdə Marko Polo, XIV əsrdə Severok, XV əsrdə Barbaro, XVI əsrdə Nyuket, XVII əsrdə Oleariy, XVIII əsrdə Lerxi və başqalarının əsərlərində rast gəlinir. Abşeronda əl ilə qazılmış ilk quyular Bibi-Heybətdə, Balaxanıda, Suraxanıda kiçik dərinlikdə yatan laylardan neftin çıxarılmasına imkan verirdi. Yalnız 1848-ci ildə dünyada ilk dəfə Bibi-Heybətdə mexaniki üsulla neft quyusu qazılmış və böyük hasilatla istismar edilmişdir. Bundan sonra hər dövrün özünə müvafiq qazıma texnologiyası yaranaraq, getdikcə təkmilləşmişdir. Bu səbəbdən də Abşeronda bir sıra strukturlarda neftlilik aşkar edilmişdir. Sonralar Kür ovalığı və dəniz akvatoriyasında da yataqlar kəşf olunmuş və intensiv işlənilir. Elmin inkişafı və neft texnologiyasının təkmilləşdirilməsi nəticəsində yataqların öyrənilmə və işlənilmə göstəriciləri də tədricən yüksəlmişdir. Təxminən yüz illik istismar dövrünə malik olan neft yataqlarının öyrənilməsində üç mərhələ ayrıla bilər. 3 I mərhələ - neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə qədər müddəti əhatə edir. Bu mərhələdə neft hasilatı yataqlarının yalnız təbii enerji mənbəyinin istifadəsi nəticəsində əldə edilmişdir. Bu dövrdə fəaliyyət göstərən geoloqlar layların təbii rejimlərini öyrənmiş, quyuların yerləşdirilmə formasını, onların istismar üsullarını müəyyən etmiş və yataqların müxtəlif hissələrində işlənilmə ilə əhatə olunmayan (“toxunulmayan”) zonaları aşkar etmişlər. II mərhələ - 1940-1970-ci illəri əhatə edir və əsasən yataqlara suvurma prosesinin geniş tətbiqi ilə xarakterizə edilir. Geoloji-mədən tətqiqatlar ilə müəyyən olunmuşdur ki, bu proses işlənilmənin effektivliyini kəskin artırır. Yatağa vurulan su “işçi agent” rolunu oynayır. Onun mənbəyinin bütün regionlarda mövcudluğu, prosesin sadə texnologiyası layın süni sulaşdırma prosesinin geniş istifadəsinə şərait yaratmışdır. Hazırda dünyada istismar edilən yataqların böyük əksəriyyətində bu proses müvəffəqiyyətlə tətbiq olunur. Məsələn, son 25-30 illlərdə keçmiş SSRİ-də hasil edilən neftin 40%-i suvurma prosesinin nəticəsində əldə edilmişdir. Bununla belə suvurma metodunun imkanlarının da hüdudları vardır. Belə ki, yataqlarda işlənilmə prosesinin ən yeni texnologiyası və suvurmanın əsaslandırılmış formaları istifadə edildikdə belə, onların ehtiyatının ən çoxu 50% realizə oluna bilər. III mərhələ - 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu mərhələ yataqların neftvermə əmsalını daha da artırılmasına yönəldilmiş yeni metodların axtarışı və tətbiqi ilə səciəyyələnir. Istilik, fiziki-kimyəvi, fiziki- hidrodinamiki, mikrobioloji və s. üsullarla məhsuldar laya süni təsir edildikdə, onların son neftvermə əmsalı daha 3-20% artırıla bilər. Lakin, layların neftverimini artıran üsulların tətbiqi suvurma prosesinə nisbətən mürəkkəb və çətindir. Belə ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə effektli tətbiq edilə bilər. Tələb olunan şəraitin təyini isə yataqların təbii və texnoloji xarakterinin dəqiq aşkar edilməsi ilə əlaqədardır. Bu isə öz növbəsində, müxtəlif çətinliklərlə rastlaşır, kompleks geoloji-texnoloji, geoloji-riyazi və s. məsələlərin həllini tələb edir. 4 Beləliklə, neft və qaz yataqlarının işlənilməsi haqqında qısa məlumatlardan görünür ki, bu sahə müqayisə olunmaz dərəcədə inkişaf etmişdir. Nailiyyətlərin əldə edilməsində neft-qaz mədən geologiyası istiqamətində fəaliyyət göstərən alimlərin əməyi böyük olmuşdur. Onların sırasında rus alimlərindən M.A. Jdanov, M.M. İvanova, M.İ. Maksimov, M.F. Mirçink, M.A. Surquçov, L.F. Dementyev, A.Y. Fursov, azərbaycan alimlərindən isə Ş.F. Mehdiyev, H.Ə. Əhmədov, M.V. Abramoviç, X.B. Yusifzadə, A.Ə. Nərimanov, T.Y. Baharov, Ç.Ə. Sultanov, Ç.M. Şeydayev, B.Ə.Bağırov, Ə.Ə. Cavadov, Ə.M. Salmanovun əsərləri xüsusi qeyd edilməlidir. Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları. Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil edir. Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks geoloji-texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı lazımı düzəlişlər də verilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində qeyd olunan belə vəziyyət, hər şeydən əvvəl onların daxili quruluşunun zəif öyrənilməsi ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və stratiqrafik dərinlikləri üzrə paylanması mürəkkəb formada getdiyindən onları ənənəvi üsullarla tam aşkar etmək mümkün olmur. Odur ki, çox vaxt laya xas olan geoloji və işlənilmə xüsusiyyətləri müxtəlif interpretasiya üsulları ilə onların orta qiymətinə istinad etməklə təyin edilir. Geoloji-mədən tədqiqatların belə qoyuluşla aparılması müasir tələblərə cavab verən işlənilmə layihələrinin tərtibatını çətinləşdirir. Bu tələbatın yerinə yetirilməsi üçün geologiya elmini o cümlədən neft-qaz mədən geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi lazımdır. Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsi ənənəvi üsullarla tərtib olunmuş xəritə, profil, hesablama sxemləri və s. əsasında aparılması gözlənilən nəticəni vermir. Məlumatların dolğunluğunu və etibarlığını təmin etmək üçün geoloji-riyazi modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə çoxlaylı 5 yatağın bütövlükdə və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü komplekslərinin geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan müddəaları əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin prinsipial qoyuluşlarına nəzər yetirək. Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı məsafə həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji- geofiziki məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı nöqtələrindəki səciyyəsini əks etdirir. Yatağın quruluşunun mürəkkəb olması və quyuların sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlığı aşağı olur və ya əksinə. Həmin məlumatların yatağa tam şamil edilməsi isə müəyyən ehtimallılıqla aparılır. Odur ki, geoloji xəritələrin təsvirinə də mütləq deyil, yalnız müəyyən ehtimallılıq dərəcəsi ilə baxılmalıdır. Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibinə qoyulan başqa bir tələbat, müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və operativlik prinsipi əsasında qurulmasıdır. Burada nəzərdə tutulan məlumatların kompüter təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların qazılmasından və işlək quyu fondundan alınan hər bir yeni məlumatların tədqiqat kompleksinə əlavəsinə şərait yaradır. Nəticədə ilkin məlumatlar dərhal dəqiqləşdirilir və lazım gələrsə işlənilmə prosesində tənzimlənilmə aparılır. Yatağı elementlərinin paylanmasını müəyyən etmək üçün müxtəlif təminatlı xəritələr qurulur. Müasir dövrdə belə xəritələr üçölçülü variantda (x, y və z koordinatları üzrə) modellər formasında verilir ki, bu da hər hansı bir lay parametrinin (məsələn, süxur məsaməliyinin, keçiriciliyin, neftlərin özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini təmin edir. Neft, qaz və kondensat yataqlarının mənimsənilməsi prosesində neft-qaz mədən geologiya elmi aşağıdakı əsas məsələlərin öyrənilməsini təmin edir. 1. Ilkin tədqiqatlarla (o cümlədən seysmik kəşfiyyat nəticələri) təqdim edilmiş strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində yerləşən hər 6 bir məhsuldar təbəqənin ayrılması və onların hər biri üçün struktur xəritə və profillərin qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yerini, istiqamətini, ekran xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması). Qazılmış quyuların geoloji-geofiziki kəsilişlərinin korrelyasıyası və makroqeyribircinsliyinin (laylaşma xüsusiyyətlərinin) təyini. 2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektorluq xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və onların sahəvi və dərinliklərdə paylanılma səciyyəsinin xüsusi qrafik və cədvəllərdə təsviri. 3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin fiziki-kimyəvi xassələrindən onların sıxlıgı və özülülük göstəricilərinə, suların isə ion-duzluluq tərkibinə xüsusi diqqət yetirilməlidir. 4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və temperaturu haqqında məlumatların alınması və təhlili. 5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq təsərrüfatı baxımından qiymətləndirilməsi. 6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların ( o cümlədən horizontal) sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının seçilməsi, neftçıxarmada tətbiq olunan müasir üsulların istifadə imkanlarının öyrənilməsi. 7. Yataqların işlənilməyə verilmə vaxtından başlayaraq neft, qaz və su hasilatının dinamik göstəricilərinin təsviri və təhlili. 8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin öyrənilməsi. 9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ tənzimlənilməsi. Suvurma sisteminin effektivliyinin təyini və gələcək dövr üçün proqnozlaşdırılması. 10. Neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının öyrənilməsi. 11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması. 7 12. Yer təkinin və ətraf mühitin mühafizəsinə istiqamətləndirilmiş tədbirlərin əsaslandırılması və tövsiyələrin verilməsi. Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə istirakı ilə işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki, mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və mühəndislər bu üsulların geoloji-riyazi modellərlə tətbiq yollarını mənimsəməlidirlər.