Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 4

1

Mədən geologiyası (050602) - 2017


Mühazirə 22.Yer təki və ətraf mühitin mühafizəsi (2saat).
Neft və qaz yataqlarında quyuların qazılması və işlənilmə proseslərinin
aparılması yer təkinə və ətraf mühitə müxtəlif təsirlər göstərir. Yataqların
yerləşdiyi rayondan (quru ərazisi və ya dəniz akvatoriyası), onun geoloji
quruluşundan, qazıma və işlənilmə texnologiyalarının xarakterindən və digər
amillərdən asılı olaraq bu təsirlər özünü müxtəlif cür biruzə verir. Lakin bütün
texnogen proseslər strukturların quruluşunda və ətraf mühitdə olan ilkin tarazlığı
pozmaqla onlara mənfi təsir göstərir. Odur ki, texnogen təsirlərin baş vermə
səbəbləri əvvəlcədən öyrənilməli, onların aradan qaldırılması və ya intensivliyinin
azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər, xarakterinə
görə iki yerə bölünür: yer təkinin və ətraf mühitin mühafizəsi.
Yer təkinin mühafizəsi. Strukturlarda hələ ilk quyular qazıldıqda onların
kəsilişində yerləşən layların təbii tarazlığında müəyyən dəyişmələr baş verir. Belə
ki, dərinliklər boyunca növbələşən layların bütövlüyü pozulur. Bu zaman onlar
arasında əlaqə də yarana bilir. Qazıma məhlullarının ayrı-ayrı laylara müxtəlif
intensivliklə nüfuz etməsi onların geoloji mühitində də müxtəlif dəyişikliklər
əmələ gətirir. Belə dəyişikliklər xüsusi ilə quyu ətrafı süxurların məsaməli
mühitində özünü daha çox göstərir.
Məlumdur ki, qazıma prosesinin məqsədi müxtəlif dərinlikdə yatan laylarla
yer səthi arasında əlaqə yaratmaqdır. Bu zaman bəzən tənzimlənə bilməyən
proseslər də baş verir ki, bu da açıq neft-qaz fontanına səbəb olur. Bundan əlavə
qazıma ilə kəsilişdəki müxtəlif təzyiqli layları keçdikdə onların arasında maye
axımı da baş verə bilir. Məhz bu səbəbdən də bəzən sulu laydan neftli laya və ya
əksinə axım qeyd olunur ki, bu da neftli layın sulaşmasına və ya sulu layın
karbohidrogenlərlə çirklənməsinə səbəb olur. Odur ki, qazıma işlərinin layihələri
tərtib olunanda belə proseslərə qarşı müvafiq tədbirlər hazırlanıb, elmi cəhətdən
əsaslandırılmalıdır.
Layların təbii-ilkin geoloji xassələrini mürəkkəbləşdirən amillərdən biri də
qazıma prosesində qazıma məhlulunun laylara axımı nəticəsində onlara müxtəlif
2
dərəcədə nüfuz etməsidir. Bu proseslər nəticəsində, yuxarıda qeyd edildiyi kimi,
layların kollektorluq qabiliyyəti zəifləyir. Barit, kaustik soda və digər reagentlərin
qazıma məhlulunda istifadə edilməsi isə prosesi daha da kəskinləşdirir.
Quyuların qazılmasında baş verə biləcək zərərli təsirlərin xarakteri kəsiliş
üzrə bütün laylar üçün proqnozlaşdırılmalı, nəticələri quyunun geoloji-texniki
tapşırığında öz əksini tapmalıdır. Layihə sənədində kəsilişdə açılacaq layların
proqnoz qiymətləri: onların yatım dərinlikləri, qalınlıqları, çöküntülərin litoloji-
kollektor xüsusiyyətləri, lay təzyiqi və digər məlumatlar göstərilməlidir. Bu
məlumatlara istinadən texnoloji hissədə qazıma prosesinin aparılma göstəriciləri
verilir (intervallar üzrə qazıma məhlulun xüsusi çəkisi, qazıma sürəti, texniki
kəmərlərin buraxılma dərinliyi və diametrləri və sair). Qazıma prosesində hər hansı
bir gözlənilməz hal baş verərsə, bu dərhal tədqiq olunmalı, yaranma səbəbləri
öyrənilməli və qazıma prosesinin yenidən dinamik xarakterə qaytarılması üçün
tədbirlər həyata keçirilməlidir.
İşlənilmədə olan yataqlarda quyu şəbəkəsini bərpa etmək üçün quyular
qazılan zaman gil məhlulunun laylara nüfuz etmə imkanı daha çox olur. Belə ki,
istismar olunan quyuların quyudibi zonası ətraf sahələrə nisbətən xeyli enmiş
ümumi təzyiqlər qıfı ilə səciyyələnirlər. Bu xüsusiyyət qazıma məhlulunun aşağı
təzyiqli sahələrə doğru daha çox irəliləməsinə səbəb olur. Odur ki, belə yataqların
sahələrində quyu qazan zaman ətrafda istismar edilən quyular əvvəlcədən
saxlanılmalıdır ki, bu da onların drenaj zonalarında dinamik təzyiqin qalxmasına
imkan verir. Bu tədbir nəticəsində laya gil məhlulunun axımının qarşısı alına bilər.
Qazıma prosesi tam başa çatdıqdan sonra onların işə salınması tədricən həyata
keçirilməlidir. Əgər kəsilişdə olan sulu laylarda sürətli neftçıxarma prosesi tətbiq
olunubsa, belə yataqlarda da istismar quyuları qazmadan öncə saxlanılmalıdır.
Qazıma prosesi başa çatdıqdan sonra onlarda maye hasilatının artımı tədricən
aparılmalıdır. Yalnız bu tədbir nəticəsində quyuların drenaj zonalarına qazıma
məhlulu axımının qarşısı alına bilər.
Qeyd etmək lazımdır ki, qazıma texnologiyasının ən vacib elementlərindən
biri kəsilişdəki layların bir-birindən təcrid edilməsidir. Bu tələbatı yerinə yetirmək
3
üçün kəmər arxası sahə müvafiq sement məhlulu ilə bərkidilməlidir. Həyata
keçirilən proseslərin nəticəsi quyuların hermetikliyinin sınanması ilə yoxlanılır.
Hər hansı bir səbəbdən quyunun hermetikliyi təmin olunmadıqda onun səbəbləri
müəyyən olunmalı və aradan qaldırılması üçün tədbirlər planı həyata
keçirilməlidir. Yalnız bundan sonra quyuda perforasiya işləri aparıla bilər.
Yataqların işlənilmə prosesində yer təkinin mühafizəsinin özünəməxsus
xüsusiyyətləri vardır. Bu da işlənilmədə olan əsas tələbatı olan yataqların
ehtiyatlarının rasional yollarla maksimum realizəsini təmin etməklə əlaqədardır.
Burada işlənilən mədənin ilkin geoloji şəraitinin mühafizəsi; konkret yatağın
işlənilməsinin digər yataqlara (qonşu tektonik və ya stratiqrafik kəsiliş üzrə) təsir
etməməsi; işlənilmə texnologiyasının lay rejiminə uyğun seçilməsi; quyularda
texniki nasazlıq olduqda onlarda istismarın dayandırılması; hasil edilmiş lay
sularının müvafiq hidrokimyəvi xassələrə malik az təzyiqli laylara vurulması;
neftlə və qazla hasil edilən faydalı komponentlərin (yod, brom və sair) istifadə
edilməsi; neftverməni artıran üsulların yer təkinə təsir nəticələri və s. nəzərdə
tutulur. İşlənilmə prosesində lay təzyiqinin aşağı düşməsinin qarşısının alınması
üçün yatağa su ilə təsir etdikdə onun layın hidrogeoloji xüsusiyyətinə nə dərəcədə
müvafiq olduğu əvvəlcədən təyin olunmalıdır. Vurulan su duzlu olduqda layda
duzəmələgəlmə prosesi gedə bilər. Aşağı temperatur rejimli laylara soyuq suyun
vurulması isə onun temperaturunu endirdiyindən termodinamik xassəsinə mənfi
təsir edir.
Yataqların işlənilmə prosesində layların neftverimini artıran üsulların tətbiqi
məsaməli mühitə böyük miqyaslarda təsir edə bilər. Məsələn: yüksək özlülüyə
malik neftlərlə səciyyələnən yataqlarda termik üsullardan olan laydaxili yanmanın
neftvermənin artırılması ilə yanaşı yatağın quruluşuna əks təsirini də nəzərə almaq
lazımdır. Belə ki, bu prosesin təsiri nəticəsində layların bəzi zonalarında
karbohidrogen yığımları tamamilə yanaraq məhv ola bilər. Belə hal Balaxanı-
Sabunçu-Ramana yatağının Xorasanı sahəsində özünü göstərmişdir. Burada
laydaxili yanma prosesinin təsirindən sonra yatağa qazılmış bir sıra quyularda neft
əlaməti belə olmayan koksa bənzər süxurlara rast gəlinmişdir.
4
İşlənilmə prosesində mədəndə ayrılmış istismar obyektlərinin sərbəstlik
dərəcəsi qorunmalıdır: laylar və ya tektonik bloklar arasında hidrodinamik əlaqənin
yaranması yer təkində qarşısı alınmaz prosesə səbəb olur. Odur ki, işlənilmə
prosesi bütövlükdə daimi nəzarətdə saxlanılmalıdır. Alınan məlumatlar ətraflı
öyrənilməli, yer təkində gedən hər hansı dəyişmələr müəyyən olunmalıdır. Burada
əsas informasiya mənbəyi kimi yataqlara qazılmış müşahidə quyularından da
istifadə edilməlidir. Bu quyularda mütəmadi aparılmış ölçü işləri yatağın
hidrodinamik şəraitində baş verən proseslər haqqında məlumatlar almağa imkan
verir.
Ətraf mühitin mühafizəsi. Neft və qaz yataqlarının işlənilməsi prosesində
ətraf mühitdə müxtəlif təsirlər baş verir. Odur ki, atmosferə bu təsirlərin mahiyyəti
(fiziki, kimyəvi, bioloji) müəyyən olunmalı və onlara qarşı müvafiq tədbirlər
həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, neft və qaz yataqlarının
işlənilməsi ilə əlaqədar aparılan işlərdə ətraf mühitə zərərli təsir göstərən əsas
amillər aşağıdakılardır:
- neftin müxtəlif səbəblər üzündən quyulardan, kəmərlərdən və ya çənlərdən
yer səthinə axımı və torpağa fiziki, kimyəvi, bioloji təsiri;
- neft laylarından hasil edilmiş müxtəlif fiziki-kimyəvi xarakterli suların yer
səthinə axımı və mədən ətrafı zonaların çirkləndirilməsi;
- yataqdan hasil edilmiş qazların atmosferə atılması və ya yandırılması;
- quyuların qazılması üçün müvafiq sahələrin təbii formasının (landşaftın)
dəyişdirilməsi və bitki örtüyünün məhv edilməsi;
- quyuların qazıma prosesində qazıma məhlullarının tullantısı ilə ətraf
zonaların ilkin şəraitinin dəyişilməsi;
- dəniz şəraitində yataqların işlənilmə prosesində neftin və suyun müxtəlif
səbəblər üzündən su səthinə axımı, qaz hasilinin isə atmosferə buraxılması.
Yuxarıda qeyd olunan zərərli amillərə qarşı müvafiq işlər həyata
keçirilməlidir ki, bu da neft və qaz yataqlarının işlənilməsində “ekoloji tədbirlər”
planında öz əksini tapmalıdır.

You might also like