Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 4

Şuşa dağlarında xarıbülbül adlanan qeyri-adi bir gül yetişir.

Gülə bu ad bülbülə
bənzədiyinə görə verilib. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı
bülbül”. Xarıbülbülün digər adı Qafqaz Qaş Səhləbidir.

Xarıbülbül haqqında çoxlu sayda rəvayətlər var.  Onlardan biri belədir:

Bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir.
Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə
əyilirlər. Yalnız zərif, gözəl, ətirli gül küləyə ram olmur. Onun dimdik durduğunu
görən külək heyrətə gəlir:

- Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü
haradan alırsan?
Gül cavab verir:
- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, heç kəsə
baş əymir. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən onun saf
məhəbbətidir. 
- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bunu deyib kükrəyir. Külək qələbəsindən sevinərək daha bərkdən
uğuldayır. Bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən
gülün köksünə söykəyib, əyilən qamətini düzəldir. Bu vaxt gülün tikanı onun
sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Gül həmin
vaxtdan bülbül görkəmində çiçəklər aşır. Adı olur xarıbülbül. 

İndi isə keçid edək Qarabağ xanı Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və
Xurşidbanu Natəvanın bibisi, Xarıbülü sevən, vətənpərvər Ağabəyim ağanın
hekayəsinə:

İran şahı Qarabağ xanlığına hücum edir, müharibə zamanı çox itki hesabına
olsa da, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi
onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir. 1797-ci ildə Ağa
Məhəmməd şah Qacar sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran
arasında ixtilafı daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki
bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb
etməyə başlayırlar, onu rahat buraxmırlar...
 
İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır,
məsələni sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında
münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək,
ona ərə verməyi qərara alır.
 
Çox böyük cehizlə Ağabəyim ağa Tehrana gəlin köçürülür. İran Şahlığında
saray əhli bu izdivaca qısqanclıqla yanaşır. Qarabağdan gələn, təzəcə həddi-buluğa
çatmış bu gözəl xanımı - Ağabəyim ağanı ilk gündən Fətəli şahın gözündən salmaq
üçün yollar axtarırlar. Rəvayətə görə, bir gün Ağabəyim ağanın həsrət dolu bayatı
oxuyurmuş:
Mən aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

 
Deyirlər ki, Qarabağdan gəlib Tehranda şaha zövcə olmuş Ağabəyim ağanı
gözü götürməyənlər Fətəli şaha bu bayatını çatdırmış, üstəlik də demişdilər ki,
qarabağlı bu "qızcığaz" Tehranda oturub Tehranı bəyənmir. Şah incik halda
Ağabəyim ağanı hüzuruna çağırtdırır. Şairə hazırcavablıq edərək şahın fikrini
yayındırmağa çalışır:
 
- Mən elə deməmişəm, Şahım! Sizə başqa cür çatdırıblar, mən belə demişəm:
 
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönür,
Yaddan çıxır Qarabağ.
 
Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda, Ağabəyim ağanın
gözlərindəki kədəri də görür. Ona daha artıq hörmət bəsləməyə başlayır, bu kədəri
azaltmaq istəyir:
 
- Qarabağa qayıtmaqdan başqa nə arzun varsa, de, yerinə yetirim.
 
Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır:
 
- Şah sağ olsun! Qorxuram arzum sizə toxuna, ona əməl etməkdən boyun
qaçırasınız.
 
- Fətəli şah bir qədər də təkəbbürlənir:
 
- Nə vaxtsa mənim sözümü geri götürdüyüm ya sənin sözünün yerə düşdüyü
olubmu? - deyir.
 
- Elə isə, icazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi
satım.
 
Fətəli şahın təəccübü böyük marağa çevrilir:
 
- Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir? Bütün
İran məmləkətinin var-dövləti sənin əlinin altında olduğu halda, atanın sənə qoşduğu
cehizi satmaq nəyinə lazımdır ki?
 
Ağabəyim ağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:
 
- Şahım, mən sizin sarayınızda yaşayıram, geydiyim paltar da sizindir, yediyim
çörək də. Bəs onda bəzək-düzəyim niyə atam evindən gətirdiyim olsun? Bəs Sizin
mənə bağışladığınız daş-qaşlarla nə vaxt bəzənəcəyəm? Sizin mənə bəxş etdiyiniz
daş-qaşlar atamın verdiyindən həm çoxdur, həm də gözəldir. Hər dəfə üstümdəki
bəzəklərə baxanda sizin yadınıza köhnə ədavət, mənim də yadıma mərhum atam,
Vətənim Qarabağ düşür. Mənim, keçmişi xatırlamağım sizi sıxdığı kimi, sizin də
keçmişi xatırlamağınız məni sıxır. Bu sıxıntıdan birdəfəlik qurtarmaq yaxşı
olmazdımı?!
 
Fətəli şah fikrə gedir, bu ağıllı sözlər qarşısında deməyə söz tapmır, bilmir ki,
nə cavab versin, razılaşmağa məcbur olur. Amma bir məqam onu narahat edir:
 
- Bəs sənin daş-qaşlarını satdığını bilsələr, mənə nə deyərlər? Məni xalq içində
rüsvay etmək istəyirsən?
 
- Arxayın olun, şahım! Siz məndən nankorluq görməmisiniz, ölənəcən də
görməyəcəksiniz. Bu sirri yerdə ikimiz, göydə isə Allah-təala biləcək.
 
Lakin Fətəli şah yenə tərəddüd edir:
 
- Axı pul sənin nəyinə gərəkdir? Nəyin çatmır? Sənə nə lazımdırsa, nə qədər
pul istəyirsənsə, mən verə bilərəm. Bütün xəzinəm həmişə sənin üzünə açıqdır!
 
Ağabəyim ağa bu sözlərdən şahın yumşaldığını duyur, tez cavab verir:
 
- Elədir, şahım! Siz sabahdan bütün saraya elan edərsiniz ki, xəzinəni mənim
üzümə açırsınız. Mən isə xəzinə əvəzinə daş-qaşlarımı, cehizlərimi xərcləyərəm, buna
özüm üçün bir bağ salmaq istəyirəm. Elə bir bağ ki, orda ancaq mən gəzim. Bu bağ
ancaq mənə məxsus olsun, bu bağda hər çiçək, hər kol ancaq mənim zövqümlə
əkilsin, buyurun ki, heç kəs mənim işimə qarışmasın.
 
Fətəli şah razılığını bildirir, səhəri gün elan edir ki, şah xəzinəsini Ağabəyim
ağanın üzünə açıbdır. Dünyanın hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət
olunurlar. Ağabəyim ağa öz fikrini bağbanlara bildirir: "Elə bir bağ salacaqsınız ki,
Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin".
 
İş başlanır, Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşınır. Şuşada bitən
hər bir ot-ələf, gül-çiçək, kol, ağac bu bağda da əkilir, diqqətlə becərilir. Nəhayət, bağ
hazır olur, şairənin arzusuna əməl edərək bağın adını "Vətən bağı" qoyurlar. Hər şey
hazır olduqdan sonra Ağabəyim ağa bağı gəzməyə çıxır. Bağ, doğrudan da gözəl
idi. Məharətli bağban əlləri gül-çiçəklə bərabər, sanki Şuşanın dağ-dərəsinin havasını
da, ətrini də bura gətirmişdi.
 
Şairə bağı gəzib-dolanır, hər şey onun zövqünü oxşayır. Lakin nə qədər
axtarırsa, bağda Xarı-bülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları
çağırtdırır, məsələni onlara bildirir. Bağbanlar yenidən ikiqat səylə işə başlamalı
olurlar. Lakin nə qədər edirlərsə, Xarı-bülbül "Vətən bağı"nda bitmir ki, bitmir.
Bağbanların zəhməti hədər gedir...Xarı-bülbül Şuşadan Tehrana "Vətən bağı"na
köçmür ki, köçmür...
 
 
"Vətən bağı" əl-əlvandır,
Yox içində Xarı-bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!

Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək - ömrünün sonuna kimi Vətən
həsrəti çəkə-çəkə Tehranda yaşayır. Ancaq bir azərbaycanlı qızının Vətən həsrətinə
qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını alır. Minlərlə qız-gəlinin,
ağbirçək ananın göz yaşı tökülmür. 

You might also like